fbpx
Bəyyinə

Allahsız həyatdakı absurdluq – 2’ci hissə

| Allah və əbədiyyət olmadan həyatın absurdluğu

Əgər Allah yoxdursa o zaman insan və kainat ölümə məhkumdur. Ölümümüzə hökm verilmiş dustaqlar kimi öz qaçınılmaz edamımızı gözləyirik. Allah yoxdur və əbədilik deyilən bir şey də yoxdur. O zaman bunun aqibəti nədir Bu o deməkdir ki, həyat özlüyündə absurddur. Bu o deməkdir ki, sahib olduğumuz bu həyatın son bir əhəmiyyəti, dəyəri və ya amalı yoxdur. Gəlin bunların hər birinə ayrılıqda baxaq. 

| Əbədilik və Allah olmadan son bir məna yoxdur.

Əgər hər bir fərd öldükdə mövcudiyyətdən silinirsə o zaman biz onun həyatına necə yekun bir əhəmiyyət verə bilərik Onun nə zamansa ümumiyyətlə mövcud olmağının bir önəmi varmı Onun həyatı müəyyən başqa hadisələrə nisbətdə önəmli ola bilər, lakin o hadisələrdən hər birinin yekun əhəmiyyəti nədir ki Əgər bu hadisələrin hamısı mənasızdırsa o zaman onlardan hansısa birinə təsir etməyin yekun bir mənası nə ola bilər Yekun olaraq heç bir fərq etmir.

Buna başqa perspektivdən bax! Alimlər deyirlər ki, kainat 13 milyard il öncə “Böyük Partlayış” (big bang) adlanan partlayışdan öz başlanğıcını götürür. Fərz et ki, bu “böyük partlayış” heç bir zaman baş verməyib. Fərz et ki, kainat heç zaman mövcud olmayıb. Yekun olaraq bu, nə fərq edəcək ki? Kainat onsuz da ölməyə məhkumdur. Ən sonda kainatın nə zamansa mövcud olub olmaması heç bir əhəmiyyət kəsb etmir. Ona görə də bunun yekun bir önəmi yoxdur.

Eyni şey insan irqi haqqında da doğrudur. Bəşəriyyət ölən kainatda ölümə məhkum edilmiş bir irqdir. İnsan irqi sonda mövcudiyyətini durduracağı üçün onun nə vaxtsa mövcud olub olmamasının önəmli bir fərqi yoxdur. Bu baxımdan bəşəriyyət ağcaqanad sürüsündən və ya donuz dəstəsindən daha önəmli deyildir, çünki hamısının sonu birdir.

Onları ilk növbədə vücuda gətirən kor-koranə kosmik proses sonda da onları yenidən məhv edəcək. Eyni şey hər bir insan fərdi üçün də doğrudur. Bəşər biliklərinin inkişafı üçün alimlərin töhfələri, ağrı və iztirabı azaltmaq üçün həkimlərin araşdırmaları, dünyada sülhü təmin etmək üçün diplomatların səyləri, bəşər irqinin bir çox tərəfini yaxşılaşdırmaq üçün yaxşı insanların hər sahədə göstərdikləri fədakarlıqları – bunların hamısı bir heçə gəlib çıxır. Bu, müasir insanın qorxusudur; çünki onun sonluğu bir heç ilə bitir, o, bir heçdir.

“Ölümsüzlük”

Ancaq əgər həyat mənalı olacaqsa o zaman insanın bu məqsəd üçün ehtiyac duyduğunun sadəcə ölümsüzlük olmadığını da görmək önəmlidir. Mövcudiyyətin mücərrəd olaraq davam etməsi həmin mövcudiyyəti mənalı etmir. Amma əgər Allah mövcud olmazsa insanın və kainatın əbədi yaşaya bilməsi onların vücuduna hələ də hansısa yekun bir əhəmiyyət qazandırmayacaq. Bunun təsviri belədir Bir dəfə elmi fantastik hekayə oxudum və orada bir astronavt fəza boşluğundakı həyatsız bir qaya parçasına tənha qalması üçün atılır. Onun yanında iki şüşə qab var idi; onlardan birində zəhər və digərində ona əbədi həyat verəcək bir içki var idi. Özünün çətin vəziyyətini dərk edən astronavt zəhəri içir. Lakin daha sonra dəhşət içində səhv şüşəni içdiyini kəşf edir; o, ölümsüzlük şərbətini içmişdi. Bu isə o demək idi ki, o, əbədi həyatı – mənasız, sonsuz həyatı yaşamaqla lənətlənmişdi. İndi əgər Allah mövcud deyilsə bizim hamımızın həyatı bunun kimidir. Bu həyat sonsuz şəkildə
davam edə bilər və hələ də son dərəcə mənasız olacaq. Biz hələ də həyatdan soruşa bilərik: “İndi nə olsun?” Deməli həyatın mənalı olması üçün insanın ehtiyacı olduğu sadəcə əbədilik/ölümsüzlük deyildir; o, həm Allaha, həm də ölümsüzlüyə ehtiyac hiss edir. Əgər Allah mövcud deyilsə insan bunların heç birinə sahib deyildir. 

“Bizim həyatımız da bunun kimidir”

İyirminci əsrin insanı bunu dərk edə bildi. Bunun üçün Samuel Beckett’in yazdığı “Waiting for Godot” (Qodotu gözləyərkən) pyesini oxu! Bütün pyes boyunca iki nəfər üçüncü nəfərin gəlişini gözlədikləri müddətdə boş bir söhbət edirlər və o üçüncü nəfər heç zaman gəlib çıxmır. “Bizim həyatımız da bunun kimidir” – Beckett deyir; biz gözlədiyimiz müddətdə sadəcə vaxtımızı öldürürük – bəs nəyi gözləyirik? Bunu da bilmirik. İnsan faciəsini təsvir etmək üçün Beckett daha bir pyes yazır. Burada pərdə qalxır və zir-zibil ilə dolmuş bir səhnə ortaya çıxır. Düz otuz saniyə içində tamaşaçılar tam səssizlik içində oturaraq həmin zibilliyə baxır. Sonra pərdələr bağlanır. Hamısı elə bundan ibarətdir.

Jean-Paul Sartre və Albert Camus [1] kimi fransız eqzistensiyalistləri də bunu anlayırdılar. Sartre özünün “Huis Clos” (Qapalı Qapılar Arxasında) adlı pyesində həyatı cəhənnəm olaraq təsvir edir və pyesin ən son cümləsi fəlakətə təslim olmağı ifadə edən sözlərdir: “Nə demək olar ki? Həyatımıza davam edək!” Bu səbəbdən Sartre başqa bir yerdə övcudiyyətin ürək bulandırıcı effekti(nausée) haqqında yazır. Camus da həmçinin həyatı absurd hesab edirdi. “L’Étranger” (Yad) adlı kiçik novellasında Camus’nun əsərinin qəhramanı ani bir bəsirət ilə kainatın bir mənasının olmadığını və kainata məna verə biləcək Allahın olmadığını kəşf edir.

Beləliklə də əgər Allah yoxdursa həyat mənasızlaşır. İnsan və kainat yekun bir əhəmiyyətdən məhrum olur.

Dipnotlar: 

[1] Albert Camus (1913-1960) fransız eqzistensialist novelistdir. Allaha inanmadığı üçün, Allahın mövcudluğunu inkar etdiyi üçün Camus həyatda bir məna olmadığını deyirdi. Ona görə həyat nəinki mənasızdır, hətta qarışıq və qəddardır. Fəlsəfi problemlər içində yalnız intiharı ən ciddi problem hesab edirdi. Həyatı mənasız hesab etməyinə baxmayaraq Camus intiharın əleyhinə idi və bəşəri qardaşlığın qorunulması uğrunda mübarizə aparmağın tərəfdarı idi.

| “Allahsız Həyatdakı Absurdluq” kitabından.
| Müəllif: William Lane Craig

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq beyyine.net göstərməyi unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün

Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.